“Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

Öz ölümsüzlüyü ilə ən yüksək zirvəyə-şəhidlik zirvəsinə yüksələn and yerimiz olan 20 Yanvar şəhidlərimiz yalnız XX əsrin deyil, nə qədər ki həyat davam edir, bütün əsrlərin qəhrəmanlıq rəmzi, vətənsevərlik simvolu olaraq qalacaqdır. Yalnız Azərbaycanda deyil, vətənimizin hüdudlarından çox-çox uzaqlarda yaşayan həmvətənlərimiz də şəhidlərimizin xatirəsini əziz tutur, onları qəlblərində daim yaşadır. Bu, bizim vətən, xalq və qəhrəmanlarımız qarşısında mənəvi borcumuzdur. Məktəbimizdə şəhidlərimizin anılması baxımından silsilə tədbirlər həyata keçirmişdir. Bu tədbirlərdən biri də “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa müsabiqəsinin keçirilməsi olmuşdur. Bu müsabiqədə məktəbimizin şagirdləri çox böyük məsuliyyətlə iştirak etdilər. Onlar yazdıqları inşada xalqımızın 20 Yanvar gecəsinə qədər keçdiyi həyat yolunu və 20 Yanvar faciəsinin başvermə səbəbini öz düşüncə dərketməsi baxımından izah etmiş və ən başlıcası isə inşanın hər kəlməsində şəhidlərə böyük ehtiramlarını bildirmişlər.