15 Sentyabr – Bilik Günü

15 sentyabr – Bilik günü münasibətilə məktəbimizdə möhtəşəm tədbir təşkil olundu. Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Daha sonra məktəbimizin direktoru Rəna Naibova çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri səmimi-qəlbdən təbrik etdi. O, təhsil prosesində həm müəllimlərin zəhmətinə, həm də şagirdlərin məsuliyyətinə böyük önəm verildiyini qeyd edərək yeni dərs ilində hər kəsə uğurlar arzuladı.
Tədbir məktəbin balaca fidanları olan birinci sinif şagirdlərinin söylədikləri şeirlərlə davam etdi. Onların səmimi çıxışları tədbir iştirakçılarına xüsusi duyğular bəxş etdi. Ardınca müxtəlif sinif şagirdlərinin hazırladığı rəqs və musiqi nömrələri təqdim olundu. Şagirdlərin ifasında səslənən mahnılar və rəqs kompozisiyaları tədbirə bayram ab-havası qatdı.
Məktəb də yaşanan bu unudulmaz gün yeni dərs ilinin coşqusunu daha da artırdı. Bütün kollektiv bir daha əmin oldu ki, elm və bilik yolu ilə gedən hər bir şagird gələcəyimizin layiqli vətəndaşı olacaq.
Yeni dərs ili münasibətilə bütün şagirdlərimizə yüksək nailiyyətlər, müəllimlərimizə isə fəaliyyətlərində uğurlar arzulayırıq!