Gənc kimyaçılarımız final mərhələsində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış məktəblərin komandaları iştirak ediblər.
Tədbirdən öncə şagirdlər ali məktəblə yaxından tanış olublar. Məktəblilərə Bakı Ali Neft Məktəbinin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olmaq imkanı da qazanıblar.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanan komandaları 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
Yarşma bitdikdən sonra konfrans zalında final iştirakçıları üçün tədbir təşkil olunmuşdu. Bu tədbirdə iştirakçılar üçün Bakı Ali Neft Məktəbinin yaranma tarixi haqqında slayd nümayiş etdirildi, sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların texniki fənlərə marağının daha da artırılmasında və təlimə motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva universitetin rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin təşkilində yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri müsabiqənin məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.