27 sentyabr Anım Günü ilə bağlı xüsusi dərslər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq edilmiş “27 Sentyabr-Anım Günü və 8 Noyabr-Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”nı rəhbər tutaraq sentyabr ayının 27-də siniflərdə Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Dərslərin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla anmaqdan ibarət olub. Dərslərdə müəllimlər torpaqlarımızın qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilməsindən, müharibə dövründə Azərbaycan xalqının birlik və həmrəyliyindən, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsindən ətraflı bəhs etdilər. Eyni zamanda,44 günlük Zəfər tariximizin heç zaman unudulmamasının vacibliyi vurğulanıb. Şagirdlər Anım Gününə həsr olunmuş şeirlər söylədi, səhnəciklər göstərdilər.