1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin–amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Respublikanın şəhər və rayonlarındakı orta ümumtəhsil məktəblərində olduğu kimi 318 nömrəli məktəbdə də mülki müdafiəyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd 1 mart - Ümumdünya Mülki Müdafiə Günü haqqında geniş məlumat vermək, şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində vərdiş və biliklərə yiyələnməsi olmuşdur.
Tədbirdə məktəbin direktoru Mürsəl Kazımov, təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsmiyyə Hüseynova, məktəbin hərbi rəhbəri Ədalət Əhlimanov iştirak etmişlər.