Xocalı soyqırımını unutmayaq!

Bu gün bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar 318 nömrəli məktəbdə “Xocalı soyqırımını unutmayaq!” adlı tədbir keçirildi.
Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir.
Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə əzminin yenilməzliyini təsdiq edən 2016-cı ilin Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.