VIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibi

Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilmişdir. Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri bu müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi olub.
318 nömrəli tam orta məktəbin VI sinif şagirdi Qasımov Rəvan da öz “əl işi” ilə müsabiqəyə qoşulmuş və I yer qazanmışdır. Bununla əlaqədar olaraq Rəvan Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Rəvanı təbrik edirik, bundan sonra da təhsil və yaradıcılığında uğurlar diləyirik!