Məktəbimizdə yol hərəkəti qaydaları haqqında "Yol qəzasına "Yox!" deyirik" adlı tədbir keçirildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Suraxanı rayonu Polis İdarələrinin, eləcə də Suraxanı rayonu 318 nömrəli tam orta məktəb rəhbərliyinin təşkilatçılığı ilə Yol hərəkəti qaydaları haqqında “Yol qəzalarına “Yox!” deyək” adı altında tədbir keçirildi. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək, onları yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi idi. Tədbirdə məktəbin müəllim və şagird heyəti, eləcə də valideynlər iştirak edirdi.
Yol polisinin əməkdaşı yol qəzaları, onların baş vermə səbəbləri və qarşısının alınması üsullarından danışaraq əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə etdi və hamını qanunlara riayət etməyə çağırdı. O, yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğuladı.
Tədbirdə şagirdlər yol hərəkəti qaydalarına dair məlumatlar söylədilər. Sonra iştirakçılara yol hərəkəti qaydalarına dair müxtəlif suallar verildi. Şagirdlər həvəslə sualları cavablandırdılar.
Tədbirin sonunda təşkilatçılar uşaqlara və digər iştirakçılara yol hərəkəti qaydalarına riayət etməyə kömək edəcək hədiyyələr təqdim etdilər.