Biologiya gecəsi keçirildi

Aprelin 13-də 318 nömrəli tam orta məktəbdə növbəti fənn gecəsi – “Gəlin təbiəti biz də düşünək, o, özü hər şeyi düşünən kimi” adlı biologiya gecəsi keçirildi. Gecə Azərbaycan Respublikasının  himni ilə açıldı. Gecənin təşkilatçısı biologiya müəllimi, biologiya fənn metodbirləşmə rəhbəri Mehdiyeva Şəhla Rəşid qızı biologiya elminin yaranması tarixindən qısa xülasə ilə çıxış edərək müasir dövrdə biologiyanın inkişafında Azərbaycan alimlərinin nailiyyətlərindən də danışdı. Ulu öndər, ümummilli lider Heydər Əliyevin təbiətə, ölkəmizin yaşıllaşdırılmasına necə önəm verdiyi barədə videoçarx nümayiş edildi. Gecənin şüarı məktəblilər üçün təbiəti qorumağa bir çağırış idi. Məhz bu məqsədlə “Gəlin təbiəti qoruyaq” səhnəsi nümayiş edilərək hər bir bitkinin vacibliyi qeyd edildi, hər bir toxumun cücərməsi, onun hər hansı bir bitkiyə, ağaca çevrilməsinin nə qədər zəhmət tələb etdiyi vurğulandı və qeyd olundu ki, insan çəkdiyi əziyyətin  bəhrəsini gördükdə onun qeydinə qalır. Kiçik məktəbli aktyorlar “Belə olan halda bəs niyə insanlar təbiətin yaratdığının qeydinə qalmır, niyə ona zərər vurur?” kimi bir sıra aktual suallarla tamaşaçıları üz-üzə qoydular.

Daha sonra gecədə həyatın materiyanın bioloji hərəkəti olaraq Yer kürəsində necə yaranmasından danışıldı. Növbəti “Həkimin qəbulunda” və ya “Özümüzü qoruyaq” səhnəsində insan orqanizmi və sağlam qidalanma, gigiyena və ətraf mühitin təmizliyinin necə vacib olduğu əks olundu. Bu səhnəcikdə canlı təbiətin dörd aləmi – bitkilər, heyvanlar, göbələklər və bakteriyalar qarşılaşdırıldı.

Gecədə insan orqanlarının mübahisəsi, meyvələrin, vitaminlərin maraqlı söhbəti əsnasında insan orqanizmi  üçün vacib məqamlara toxunulur, pis vərdişlərin nəyə gətirib çıxaracağı vurğulanırdı.

Gecəyə rəng qatan maraqlı mahnı və rəqslər də nümayiş olundu. “Ağ çiçəyim”, “Lalələr” rəqsi şagirdlər tərəfindən məharətlə ifa olundu.

Gecənin sonunda isə  hər bir Azərbaycan vətəndaşının yaralı yeri olan Qarabağ və onun cənnət guşələrindən biri olan Şuşada bitən və vətən həsrəti çəkən “Xarı bülbül” əfsanəsi unudulmaz sənətkar Səxavət Məmmədovun “Sarı bülbül” mahnısının sədaları altında söyləndi. Xarıbülbülün  Qarabağa qovuşaraq həsrətinin bitməsi arzulandı. “Gəl ey səhər” musiqisinin sədaları altında “Gəlin uşaqlar, bu gün əl-ələ verək, qeydinə qalaq təbiətin, Bəşərin əmanətin!” deyərək gecəni yekunlaşdırdılar.

Məktəbin rəhbərliyi, direktor Mürsəl Kazımov səhnəyə çıxaraq gecənin təşkilatçısına, şagirdlərə, əməyi keçən hər kəsə öz təşəkkürünü bidirdi və gecənin təşkilatçısı Mehdiyeva Şəhla Rəşid qızını Fəxri Fərmanla mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi