Məktəbdə "Novruz" şənliyi keçirildi

Elimizə-obamıza yaz gəlir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, rayihəsini yaz mehinin qanadlarında ətrafa yayan novruzgülü baharın müjdələri kimi könül oxşayır.
Elimizin müqəddəs bayramı olan Novruz hər gəlişi ilə yenidir, sevimlidir. Bu günlər qədim Odlar yurdunun bütün bölgələrində bayram əhval-ruhiyyəsi hər addımda hiss olunur. Bu münasibətlə Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Novruz" şənliyi keçirildi. Məktəbimizin ibtidai sinif müəllimi Ceyhunə Allahverənova sinfi ilə təşkil etdiyi bu tədbirdə xalqımızın qoruyub saxladığı bir çox milli adət-ənənələri geniş nümayiş etdirdi. Tədbirdə şagirdlər bayram münasibəti ilə şeirlər, mahnılar, bayram haxıştaları söyləyib, gözəl rəqslər nümayiş etdirdilər.
Səməni, bayram xonçaları, keçəl, kosa, bahar qızı bayrama xüsusi rəngarənglik qatırdı. Şagirdlər tədbirdə samovar qaynadaraq qonaqlara çay verdilər, qızlar şəkərbura hazırladılar, oğlanlar yzın gəlişi ilə əlaqədar həyət-bacanı yığışdırıb ağacları budadılar. Sonra uşaqlar yumurta döyüşdürüb rəqs etdilər. Şagirdlər birlik, qəhrəmanlıq nəğməsi olan ”Yallı” rəqsi ilə tədbiri yekunlaşdırdılar. Tədbir rəngarəngliyi və şən keçməsi ilə uzun müddət şagirdlərin yaddaşında qalacaq.
Tədbirdə məktəbimizin direktor müavinləri Rəsmiyyə Hüseynova və Tutu Həmzəyeva iştirak etdi. Səhnənin hazırlanmasında bədii rəhbər Rübabə Muradın xüsusi əməyi olmuşdur.
Novruz bayramınız mübarək olsun!