Xocalı faciəsi anıldı

1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. 26 fevral 2018-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Məmmdova və bədii rəhbər Rübabə Muradın təşkilatçılığı ilə Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirildi.