Fizika gecəsi keçirildi

Məktəbimizin fəaliyyət planına əsasən keçirilən fənn gecələrinin biri də Fizika gecəsi oldu. Keçirilən hər bir fənn gecəsi öz rəngarəngliyi, zənginliyi, maraqlı layıhələri ilə bir-birindən fərqlənir. Aydındır ki, bu fərqə baxmayaraq, hər bir fənn gecəsinin bir məqsədi var: şagirdlərdə fənnə marağı artırmaq, müstəqil düşüncə tərzi aşılamaq, onların mədəni səviyyələrini qaldırmaq, azad fikirli, zəngin dünyagörüşünə malik vətəndaş yetişdirməkdir.

Məktəbin fizika müəllimi Fəxriyyə Salmanovanın rəhbərliyi ilə keçirilən “Salam, Fizika!” adlı tədbir dövlət himni ilə başladı. İştirakçılar ayağa qalxaraq himni oxudular. Aparıcılar fizika elmi haqqında qısa məlumat verdikdən sonra fizika qanunları haqqında şeir söyləndi. “Elektrik dövrəsinin elementləri” və “Planetlərin bəhsi” səhnələri nümayiş olundu.

Dünya poeziyasının bayraqdarı olan Nizami Gəncəvi dahi şair olmaqla yanaşı, həm də elmlərdən kamil bir alim kimi bütün elmlər haqqında söylədiyi fikirlərlə yaddaşımızdadır. Bu haqda 9 “D” sinif şagirdi Sevinc və 10 “D” sinif şagirdi Rəsul çıxış etdilər.

Fizika müəllimi ilə dərsini bilməyən şagird arasında olan söhbəti səhnələşdirən iştirakçılar dərs oxumayan şagirdləri tənqid edərək onları müəllimin tövsiyyələrinə qulaq asmağa səslədilər.

Tədbirdə əlbəttə ki, fizika elminə öz töhvələrini vermiş Azərbaycan alimləri barəsində də məlumat verildi. Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi, Lev Davudoviç Landau, Kərim Kərimov və Lütfəli Rəhim oğlu Ələsgərzadə kimi dahi insanların nailiyyətləri haqqında danışıldı.

Elektrik həyatımızda önəmli yer tutur. Gündəlik həyatımıza nəzər salsaq, haradasa bütün işlərimizi elektrik alətləri ilə gördüyümüzü anlayarıq. Elektrik olmasaydı gecələr evlərimizdə, yollarımızda işıq olmazdı, soyuducular, tozsoranlar, paltaryuyan maşınlar və bir çox əl əməyini yungülləşdirən alətlərimiz olmazdı, bir-birimizlə istədiyimiz vaxt, istədiyimiz məkanda əlaqə saxlaya bilməzdik. Elektrikin və ümumiyyətlə fizika elminin həyatımızdakı rolu haqqında videoçarxlar nümayiş etdirildi.

Əlbəttə fizika elmini təcrübəsiz təsəvvür etmək olmaz. Təcrübələrdə müxtəlif sıxlıqlı mayelərin bir-birinə qarışmaması, atmosferin balona göstərdiyi təzyiq, konveksiya hadisəsi, elektriklənmə, hidrostatik təzyiqin hündürlükdən asılılığı, təzyiqin səthin sahəsindən asılılığı kimi hadisələr nümayiş olundu.

9 “C” sinif şagirdi Nəzrin Yerin cazibə qüvvəsindən, dielektriklərdən, torpaqlama hadisəsindən, qaynama, buxarlanma, konveksiya hadisələrindən danışdı.

Tədbirə çox həvəslə hazırlaşan şagirdlərin hər bir çıxışı iştirakçılar tərəfindən alqışla qarşılandı.

Sonda məktəbin direktoru Mürsəl Kazımov tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi və məktəbin fizika müəllimi Fəxriyyə Salmanovaya Fəxri Fərman təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi