"Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır"

Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır.
Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək olar. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Suraxanı Rayon Polis İdarəsinin təşəbbüsü ilə 318 nömrəli məktəbdə “Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” adlı görüş keçirildi. Məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması məqsədi ilə keçirilən bu tədbirdə Suraxanı Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili” bölməsinin rəisi, polis mayoru Namiq Abbasov, 32 nömrəli Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rəşad Quliyev, 32 nömrəli Polis Bölməsinin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Elmar Hüseynov iştirak etmişdir.
Tədbiri giriş sözüylə açan Suraxanı Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili” bölməsinin rəisi, polis mayoru Namiq Abbasov narkomaniyanın tək ölkəmiz üçün deyil bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarında və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildirdi.
Təlimdə gənclərin maariflənməsi məqsədilə narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetlər nümayiş etdirilmişdir.