Tarix dərslərində İKT-dən səmərəli istifadənin yolları

Ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər), “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” milli təhsilimizin informasiyalaşdırılması yolunda əsas mərhələləri təşkil edir.
İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhə təsvirləri böyüdülmüş formada ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilirlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, şagirdlərin də yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.
318 nömrəli məktəbin informatika müəllimi Aysel Bağırova və Gəncə Dövlət Universitetinin tarix müəllimi Elnur Hacıyev birgə nəşr etdirdikləri vəsaitdə təhsil prosesinin keyfiyyətinin artırılmasında İKT-dən səmərəli istifadənin yolları haqqında geniş məlumat vermişlər. Vəsaitdə İKT-nin rolu və tarix dərslərində istifadə olunan əsas İKT avadanlıqları, internet resursları haqqında məlumatlar və tarix dərslərinə dair nümunələr yer almışdır. Vəsaitdən orta ümumtəhsil məktəblərində dərs deyən tarix müəllimləri faydalana bilər.