"Günəş, hava, su, torpaq" mövzusunda "Açıq dərs"

Məktəbin 2 ”Q” sinfinin rəhbəri Xalidə Musayeva Həyat bilgisi fənnindən “Açıq dərs” təşkil etdi. Dərsin mövzusu "Günəş, hava, su, torpaq" idi. Dərsin məqsədi həyat üçün ən vacib olan amilləri tanıtmaq, onların əhəmiyyətini müəyyənləşdirmək, təbiət hadisələrini və onların yer səthində yaratdığı dəyişiklikləri sadə formada şagirdlərə çatdırmaq idi. Dərsdə Təsviri incəsənət və musiqi fənləri ilə inteqrasiyadan istifadə olundu. Müəllim kollektiv və qruplarla iş formasından, eləcə də anlayışın çıxarılması və təqdimat kimi iş üsullarından istifadə etdi. Dərs Promethean interaktiv lövhə və Activinspire proqramı ilə təşkil olundu.
Motivasiya üçün şagirdlərə günəş, hava, su və torpaq haqqında tapmacalar verildi. Şagirdlər cavabları tapdıqdan sonra dərslikdəki mövzu oxundu və tədqiqat sualı verildi: “Canlıların yaşamasında və bəzi təbiət hadisələrinin yaranmasında günəş, hava, su və torpağın rolu nədir?”
Tədqiqat aparmaq üçün şagirdlər "Günəş”, “Hava”, “Su”, “Torpaq" adlı qruplara bölündü. Müəllim qruplara əvvəlcədən qrup adına uyğun şəkillərlə bəzədilmiş iş vərəqlərində tapşırıqlar verdi. Activinspire proqramının imkanından istifadə edərək tədqiqat üçün 10 dəqiqə vaxt verildi.
İnformasiya mübadiləsi mərhələsində hər qrup nümayəndəsi verilmiş sualları cavablandırdılar. Müəllim və şagirdlər qrup nümayəndələrinə müxtəlif suallar verərək topladıqları informasiyanı müzakirə etdilər. Müzakirədə günəşin, havanın, suyun və torpağın həyatımızdakı rolundan, öz vətənimizin bərəkətli torpağından danışdılar. Şagirdlər bəzi isti ölkələrdə torpağın susuz qalıb quraqlıqlara çevrilməsindən, həmin ölkənin əhalisinin isə su və qida çatışmazlığından əziyyət çəkməsindən bəhs etdilər. Həmçinin qeyd olundu ki, son zamanlar Yerin hava qatı bir çox tullantılarla çirklənir. Bu çirklənmənin qarşısını almaq üçün təkliflər irəli sürüldü.
Dərsdə musiqi dəqiqələrindən istifadə olunaraq şagirdlərin yorğunluğu aradan götürüldü.
Yaradıcı tətbiqetmə mərhələsində şifahi tapşırıq verildi. Şagirdlər “Ekologiya və təbii sərvətlər naziri olsaydınız ölkəmizdə ekologiyanın qorunması üçün hansı işləri görərdiniz?” sualını cavablanırdılar.
Müəllim cədvəl əsasında şagirdləri həm qrup işlərinə görə, həm də fərdi iştirakına görə qiymətləndirdi.
“Açıq dərs”də iştirak edən direktor müavini Rəsmiyyə Hüseynova dərs haqqında öz müsbət rəyini müəllim və şagirdlərə bildirərək, onlarla xatirə şəkli çəkdirdi.