Məktəbdə tarix gecəsi keçirildi

Məktəbin fəaliyyət planına əsasən keçirilən tədbirlərdən biri də fənn gecələridir. 4 dekabr 2017-ci il tarixində tarix müəllimi Gültəkin Piriyevanın rəhbərliyi və şagirdlərin fəal iştirakı ilə “Torpağın səsi” adlı tarix gecəsi keçirildi. Azərbaycan Dövlət himni səsləndikdən sonra çıxış üçün söz Gültəkin müəllimə verildi. O, Azərbaycan xalqının həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən danışaraq bildirdi ki, minillik tarixi olan Azərbaycan yerləşdiyi əlverişli coğrafi mövqeyi, təbii sərvətləri ilə daim yadellilərin diqqət mərkəzində olub. Tarix boyu bu torpaqlara sahib olmaq istəyənlərin hücumlarının ardı-arası kəsilməyib. VIII əsrdə ərəblərin hücumu nəticəsində bütün Azərbaycan torpaqları Ərəb xilafətinin tərkibində birləşdirildi. Ərəblərin işğalçılıq siyasətinə qarşı IX əsrdə Azərbaycanda Xürrəmilər hərəkatı geniş vüsət aldı. Xürrəmilərin başçısı xalqın igid oğlu Babək 22 il ərzində xilafətin neçə nizamlı ordusunu məhv etdi, güclü sərkərdələrini öldürdü, xilafətə həm maddi, həm də mənəvi zərbə vuraraq Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazdı.

1828-ci ildə Türkmənçay sülh müqaviləsi Azərbaycan torpaqlarını Çar Rusiyası və Qacarlar İranı arasında böldü. Şimali və Cənubi Azərbaycanın iqtisadi və mədəni inkişafı fərqli yolla getməyə başladı.

1918-i il 28 may tarixində Şimali Azərbaycan müstəqilliyinə qovuşdu. Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu respublika 23 ay müddətində mövcud oldu. Nəhayət, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan 70 illik əsarət zəncirini qıraraq müstəqilliyini bərpa etdi. Bu müstəqilliyi həzm edə bilməyən qüvvələr ölkədə qarışıqlıq yaratdı. Dağlıq Qarabağ münaqişəsini alovlandıraraq regionda qeyri-sabit vəziyyətin yaranmasına səbəb oldu.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınan, öz sözünü deyən, dünyaya inteqrasiya edən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətdir. 2016-cı il aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan ordusu qüdrətlidir, yenilməzdir və mənfur erməni işğalçılarını torpaqlarımızdan qovmağa, tarixi Azərbaycan torpaqlarını geri qaytarmağa qadirdir.

Daha sonra şagirdlər milli-mənəvi dəyərlərimizi əks etdirən mahnı və rəqslər nümayiş etdirdilər, vətənpərvərlik haqqında şeirlər söylədilər. “Dədə Qorqud” dastanındakı “Bəkil oğlu İmran” boyu, Xürrəmilər hərəkatının başçısı, xalq qəhrəmanı Babəkin azadlıq mübarizəsinə çağırış səhnəsi, milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş kompozisiya, milli qəhrəman İbad Hüseynovun Qarabağ müharibəsindəki şücaətini əks etdirən səhnələr nümayiş etdirildi.

Sonda məktəbin direktoru Mürsəl Kazımov çıxış edərək tədbirdə zəhməti olanlara təşəkkürünü bildirdi. Belə tədbirlərin şagirdlərin dünyagörüşünün, vətənə sevgi və qayğı hislərinin formalaşmasında böyük əhəmiyyəti olduğunu vurğuladı. O, çıxışın sonunda məktəbin ictimai işlərində fəal iştirakına görə Gültəkin Pirievaya Fəxri Fərman təqdim etdi. İştirakçılar tədbirdən yüksək əhval-ruhiyyə ilə ayrıldılar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi