18 OKTYABR - AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ İLƏ ƏLAQƏDAR “DƏYİRMİ MASA” KEÇİRİLDİ

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.18 oktyabr – Müstəqillik günü ilə bağlı 10 ”Ç” sinfində məktəbin tarix müəllimi Sevda Kərimovanın rəhbərliyi ilə “dəyirmi masa” keçirildi. Tədbirdə direktor müavini A. Sadıqova, Uşaq Birliyinin rəhbəri X.Səmədova iştirak etmişlər. Müəllim müstəqilliyimizin tarixi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Birinci Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Çıxışlarda qeyd olundu ki, dünyada öz siyasəti, uzaqgörənliyi ilə tanınan dahi öndər Heydər Əliyevin və onun davamçısı olan ölkə başçımız İlham Əliyevin dövlətimizin inkişafı, müstəqilliyimiz üçün gördüyü işlər danılmazdır. Direktor müavini A.Sadıqova müstəqil və azad ölkədə yaşamağın nə qədər qürürverici olduğunu şagirdlərə izah etdi. Lakin azad ölkədə yaşamaq qürürverici olmaqla yanaşı həm də məsuliyyətlidir. Ona görə də bu gün təhsil alan şagirdlər təhsilə önəm verməli, milli mənəviyyəti yüksək tutmalıdırlar.