MƏKTƏBƏHAZIRLIQ QRUPLARI – BEŞYAŞLILARIN İLK DƏRS GÜNÜ

Oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Bizim məktəbimizdə ümumilikdə 109 uşağı özündə birləşdirən 5 məktəbəhazırlıq qrupları fəaliyyətə başladı. 5 yaşlı şagirdlərimiz həm həyəcan, həm də sevinclə ilk dəfə məktəbə qədəm qoydular, parta arxasında əyləşdilər. Məktəbəqədər hazırlıq qrupunda dərs deyəcək müəllimlər böyük həvəslə şagirdlərini qarşıladılar. Şagirdlərə məktəb haqqında müəyyən fikirlər aşılandı. Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Yeni tədris ilində məşğələlərə cəlb olunan balacalar ümidvarıq ki, məktəbi sevəcək və məşğələlərə böyük həvəslə gələcəklər.