“15 sentyabr-Bilik günü” tədbiri keçirildi

Bu gün 15 sentyabr “Bilik günü”dür. Yeni tədris ilinin ilk günü 318 nömrəli tam orta məktəbdə də təntənəli şəkildə qeyd olundu. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə birgə valideynlər, əvvəlki ilin məzunları, müharibə veteranları və rayon icra hakimiyyətinin nümayəndəsi də iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Mürsəl Kazımov tədbir iştirakçılarını “Bilik günü” münasibəti ilə təbrik etdi. O, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından bəhs etdi. Qeyd olundu ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Direktor, həmçinin, bu il 600 dən çox bal toplamış şagirdlərimiz haqqında məlumat verdi və tələbə adı qazanmış bütün şagirdlərimizə uğurlar dilədi. Tədbir mahnı və şeirlərlə davam etdi. Məktəbə ilk dəfə qədəm basan birincilər də öz ürək sözlərini şeir və mahnılarla bildirdirlər. Tədbirin sonunda ilk zəng vuruldu. İlk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular. Bütün siniflərdə ilk dərs saatı “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.