"Son zəng" tədbiri

14 iyun tarixində 2016-2017-ci tədris ilinin başa çatması ilə əlaqədar Suraxanı rayonunun 318 nömrəli məktəbində “Son zəng” tədbiri keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Suraxanı rayonunun İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi və valideynlər iştirak etdi. Tədbir açıq elan olunduqdan sonra dövlətimizin himni səsləndi. Tədbirin qonaqları və məktəbimizin direktor əvəzi Mürsəl Kazımov çıxış edərək məzunları təbrik etdilər. Onlara müstəqil həyat yolunda uğurlar arzuladılar. Tədbirdə məzunların sinif rəhbərləri də öz çıxışlarında şagirdlərinin vətənimiz, dövlətimiz üçün layiqli övlad, valideynlər üçün isə böyük fəxr olmalarını arzu etdilər. Məktəbin “Fidan” rəqs qrupu gözəl rəqsləri ilə tədbirə şən ovqat bəxş etdi. 11-cilərin nümayiş etdirdiyi Azərbaycanın və müxtəlif ölkələrin rəqsləri böyük sevinclə qarşılandı. Onların ifa etdiyi mahnılarda isə qəlblərində olan həm sevinc, həm də kədər hissi öz əksini tapırdı. Nəhayət, 11 illik məktəb həyatının sonuncu zəngi çalındı. Alqış sədaları altında havaya göyərçinlər uçuruldu. Səmanı rəngli şarlar və zərlər bəzədi. Məzunların rəqsi ilə tədbir başa çatdı. Əziz məzunlar, arzu edirik ki, səslənən son zəng həyatınızdakı zəfər zənginin başlanğıcı olsun!