"Hisslərin təsviri" psixo-pedaqoji məşgələ keçirilib

Yeniyetməlik dövrü insan həyatında xüsusi bir mərhələdir. Bu dövrdə gənclər həm fiziki, həm də psixoloji dəyişikliklərlə üzləşir, dünyaya və özlərinə qarşı münasibətləri formalaşmağa başlayır. Onların iç dünyasında baş verən emosional proseslər isə bəzən özlərini belə çaşdırır. Bu yaşda “kədər”, “qəzəb”, “nifrət”, “sevgi”, “təəccüb”, “hirs”, “sevinc” kimi hisslər daha güclü və daha kəskin şəkildə yaşanır. Lakin bu hissləri düzgün tanımaq və ifadə etmək bacarığı hələ tam formalaşmadığından, yeniyetmələr çox vaxt bu emosiyaları idarə etməkdə çətinlik çəkirlər.

Bu çətinliklərin öhdəsindən gəlmək və şagirdlərə emosional maarifləndirmə baxımından dəstək olmaq məqsədilə məktəbimizin psixoloqu Vəfa Əliyeva tərəfindən “Hisslərin Təsviri” adlı psixo-pedaqoji məşğələ təşkil olunmuşdur. Məşğələnin əsas məqsədi şagirdlərdə emosional savadlılığı artırmaq, onları öz hisslərini tanımağa və sağlam şəkildə ifadə etməyə təşviq etmək olmuşdur.

Təlim prosesində şagirdlərə hisslərlə bağlı yarımçıq cümlələr təqdim olunmuş və onlardan bu cümlələri fərdi şəkildə tamamlamaları xahiş edilmişdir. Bu tapşırıq vasitəsilə şagirdlər öz daxili dünyalarını ifadə etməyə çalışmış, bəziləri üçün isə bu, hisslərini ilk dəfə sözlərlə izah etməyə bir fürsət olmuşdur. Növbəti mərhələdə şagirdlər hisslərini rənglər vasitəsilə eyniləşdirmişlər – məsələn, “qəzəb” qırmızı ilə, “kədər” göy rənglə, “sevinc” isə sarı və ya yaşıl ilə təsvir olunmuşdur. Bu yanaşma uşaqlarda abstrakt düşünmə və simvolik ifadə bacarığını inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.

Məşğələnin sonunda bütün cavablar birgə müzakirə olunmuş, hər bir hissin mahiyyəti, yaranma səbəbi və onunla necə davranmaq lazım olduğu barədə fikir mübadiləsi aparılmışdır. Psixoloqumuz şagirdlərə hissləri nəinki boğmağı, əksinə onları tanımağı, başa düşməyi və sağlam yollarla ifadə etməyi öyrətməyin vacibliyini izah etmişdir.

Bu interaktiv və maarifləndirici məşğələ şagirdlər tərəfindən böyük maraq və həvəslə qarşılanmış, onlarda öz hisslərini anlamağa dair müsbət təsirlər yaratmışdır. Belə tədbirlər məktəbdə sağlam psixoloji mühitin formalaşmasına, yeniyetmələrin şəxsiyyət kimi inkişafına və sosial münasibətlərdə daha uğurlu olmalarına əhəmiyyətli töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi