Məktəblilərimiz Atəşgah məbədində

14 mart 2017-ci il tarixində ilaxır çərşənbə - Torpaq çərşənbəsi günü Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir. 318 nömrəli orta məktəbin müəllim və şagird kollektivi də bu tədbirdə iştirak edib. “Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi. Meydana toplaşmış çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan od götürmək üçün gələn qonaqları böyük mehribanlıqla qarşıladılar. Qonaqlar da rayonun bayram şənliyinəqoşuldular. Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək xüsusi vurğuladı ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Dövlət başçısının bu addımı xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.