Məktəbimiz "Təhsili Dəyərə Çevirək" devizi altında "Çərşənbə iməclikləri" tədbirlərini davam etdirməkdədir

Şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması məqsədi ilə 318 nömrəli tam orta məktəb "Təhsili Dəyərə Çevirək" devizi altında "Çərşənbə iməclikləri" tədbirlərini davam etdirməkdədir. Artıq Boz ayın üçüncü çərşənbəsi - Yel çərşənbəsini qeyd edirik. 07 mart 2017 tarixində məktəbimizin 6-cı sinif şagirdləri ilə Yel çərşənbəsi günü “Çərşənbə iməcliyi” keçirildi. Öncə məktəbin təlim-tərbiyə üzrə direktor müavini Rəsmiyyə müəllim Novruz bayramı və onun çərşənbələri haqqında şagirdlərə ümumi məlumat verdi. Qeyd olundu ki, xalq arasında "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında – "qara nehrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. İməclik zamanı məktəbin şagird və müəllim heyəti ilə birgə sinif otaqlarında, foyelərdə təmizlik aparıldı. Dibçək gülləri bir yerə yığılıb dibləri becərildi, sulandı. Məktəbimizdə Novruz abu - havası var idi. Yel çərşənbəniz mübarək!