Məktəbdə Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirildi

26 fevral 1992-ci il - Azərbaycan tarixinin ən qanlı səhifəsi. Həmin gün Xocalı elə bir dəhşət yaşadı ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu. 6 ailə tamam məhv edildi, 1277 nəfər öldürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi 318 nömrəli məktəbdə də tədbir keçirildi. Tədbirdə Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi, videoçarxlar təqdim olundu. Şagirdlərin çıxışları, söylədikləri şeirlər tədbirdə iştirak edən hər kəsi kövrəltdi. Tədbirin sonunda məktəbin direktoru Mürsəl Kazımov çıxış edərək şagirdlərə tariximizi dərindən öyrənməyi, düşmənlərimizin törətdikləri bu cür vəhşilikləri unutmamağı tövsiyə etdi. O, bildirdi ki, düşmənlərin qəddarlığı xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmayacaq.