Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılar idi: 1. Tərbiyəvi - təşkilati məsələlər. Məruzəçi – direktor müavini Malik Mehbalıyev. 2. I - IV siniflər üzrə I yarımilin hesabatı. Məruzəçi – direktor müavini Rəsmiyyə Hüseynova. 3. V - VII siniflər üzrə I yarımilin hesabatı. Məruzəçi – direktor müavini Tutu Həmzəyeva. 4. Məktəb üzrə I yarımilin ümumi hesabatı və II yarımildə görüləcək işlər haqqında. Məruzəçi – məktəbin direktoru Mürsəl Kazımov. Səsvermə yolu ilə reqlament qəbul olunduqdan sonra Malik müəllim I yarımildə qazanılan nailiyyətlərdən danışdı və olimpiadada iştirak edən şagirdlərin yüksək göstəriciləri haqqında məlumat verdi. Bu nailiyyətdə 9 ə sinfinin şagirdlərinin çoxluq təşkil etdiyi və onların şəhər olimpiadasına vəsiqə qazandıqları birdirildi. Malik müəllim iki şagirdin fərqlənmə diplomu ilə təltif olunmasını da qeyd etdi. Bundan başqa məktəbin siniflərinin tərtibatı və şagirdlərin dərsə davamiyyətindən də danışıldı. Direktor müavini Rəsmiyyə Hüseynova çıxış edərək ibtidai siniflər üzrə I yarımilin hesabatını verdi. O, məktəbə gələn, məktəbdən gedən, qiymətləndirilməyən şagirdlər haqqında, eləcə də siniflərin keyfiyyət faizləri və məktəbdə keçirilən açıq dərslər haqqında məlumat verdi. V-VII siniflər üzrə I yarımilin hesabatında Tutu müəllim qiymətləndirilməyən və qeyri-kafi qiymətlər alan şagirdlərlə müəyyən işlər görülməsinin vacibliyini bildirdi. Tutu müəllim V-VII siniflərdə keçirilən açıq dərslərin yüksək səviyyəsindən də danışdı. Məktəbin direktoru Mürsəl Kazımov I yarımilin yekunu haqda hesabat tipli çıxış edərək qısa müddətdə görülən işlərdən və II yarımildə qarşıda duran vəzifələrdən danışdı. O, “Gələcəyin məktəbi” adlı layihədə iştirak edən ingilis dili müəllimlərinin nailiyyətləri haqqında məlumat verdi. Sonda müəllimlərin təklif və iradları dinlənildi və müzakirələr aparıldı.