Şəhidin “Xatirə lövhəsi”nin açılışı oldu

4 aprel 2021-ci il tarixində 318 nömrəli tam orta məktəbin məzunu şəhid Hüseynov İsabala Ceyhun oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə yaşadığı evin divarında ucaldılmış “Xatirə lövhəsi”nin açılışı oldu. Açılış ilə əlaqədar şəhidin yaşadığı evin qarşısında tədbir keçirilmişdir.
İsabala Hüseynov Murovdağ, Cəbrayıl, Qubadlıya qədər olan ərazilərin düşməndən azad olunmasında fəal iştirak etmişdir. O, 4 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin oxuduğu məktəbin direktoru Əliqismət Səfərov, təlim-tərbiyə işləri üzrə direktor müavini Malik Mehbalıyev, Gənclərin Çağırışaqədərki Hərbi hazırlıq müəllimi Ədalət Əhlimanov iştirak etmişlər.
Tədbir İctimai TV televiziya kanalı tərəfindən yayımlanmışdır.