Məktəbdə "Vətən müharibəsi - Qarabağın azad olunması" mövzusunda videokonfrans keçirildi

  318 nömrəli tam orta məktəbdə "Vətən müharibəsi - Qarabağın azad olunması" mövzusunda videokonfrans keçirildi. Videokonfransda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun 44 günlük müharibədə göstərdikləri xüsusi igidlik və şücaətləri haqqında çıxışlar olmuşdur:

  Birinci və İkinci Qarabağ müharibəsini yaşamış Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyaya öz əzmini nümayiş etdirdi. Vətən müharibəsinə aparan yollar XX əsrin 80-ci illərindən başlamış və 8 noyabr 2020-ci ildə bitmişdir.

  Vətən müharibəsi Azərbaycanın torpaqlarının azad olunması uğrunda atdığı qəti addımdır. Bu addımı atmaq üçün Azərbaycan hərbi potensialını inkişaf etdirmiş, müasir silahlarla təchiz olunmuş mükəmməl ordu yaratmış və haqq mübarizəsində qətiyyətindən tam əmin olmuşdur.

  Qarabağda hadisələrin necə başlamasına nəzər salaq.

  1988-ci ilin əvvəllərində ermənilər separatçılıq fəaliyyətlərini genişləndirdilər.

  1991-ci ildən başlayaraq Ermənistan müharibə elan etmədən Azərbaycana qarşı ilk dəfə irimiqyaslı hərbi əməliyyatlara başladı. Səbəb: mənfur qonşularımızın ərazi iddiaları idi. Planlarını həyata keçirmək üçün 1991- ci il sentyabrın əvvəllərində separatçılar qondarma Dağlıq Qarabağ Respublikasını yaratdılar. Buna cavab olaraq Azərbaycan Respublikası 1991-ci ilin 26 noyabrında 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi.

  1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında qanun verdi.”Azərbaycan Milli özünümüdafiə qüvvələri haqqında “ qanun qəbul edildi. Çox çətin bir şəraitdə 1991-ci il noyabrın 19-da 22 sərhədyanı rayon və şəhərlərdə özünümüdafiə batalyonları yaradıldı. Ancaq bu qüvvələr yetərincə deyildi. Çünki hərbi cəhətdən digər dövlətlərdən dəstək alan erməni quldurları azərbaycanlılara qarşı soyqırımlar törədir, xalqımızı qətlə yetirirdilər. Bununla da BMT-nin 1948-ci il Konvensiyasına görə beynəlxalq cinayətlər törədirdilər.

  44 günlük Zəfər müharibəmizə qədər olan dövrlər ərzində bir çox görüşlər və danışıqlar aparılmışdır. Lakin heç bir nəticə əldə olunmamışdır.

  Ancaq torpaqlarımızı qaytarmaq üçün müzəffər vahid komandanlığa tabe olan hərtərəfli təmin olunmuş ordu lazım idi. 1992–ci ildə buna cəhd olundu. Fevralın 20-də Azərbaycan aviaeskadrilya yaradıldı. Hərbi Hava Qüvvələri günü elan olundu. Vahid dövlət idarəçiliyi olmadığı üçün vahid komandanlıq da yaratmaq mümkün olmadı.

  Siyasi böhran vəziyyəti son həddə çatdı.Torpaqlarımızın 20%-i işğal olundu. BMT ilk dəfə Qarabağ münaqişəsinə Kəlbəcərin işğalından sonra münasibət bildirdi. 822, 853, 874, 884 №-li qətnamələri və 30 ilə yaxın aparılan danışıqlar nəticəsində heç bir irəliləyiş baş vermədi.

  Nəhayət, 1993-cü il. Hakimiyyətə gələn Heydər Əliyev dövlətin hərbi-siyasi gücünü möhkəmləndirmək məqsədi ilə bir sıra islahatlar keçirdi. Ən əsası nizami ordu yaradıldı. Ordu geyim, ərzaq, silah-sursatla təmin olundu.

  Yenilməz Ordu quruculuğumuzun əsası ulu öndərimiz tərəfindən qoyulmuş və 2003-cü ildən Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilir. Hərbi qüvvələrimizin belə müzəffər orduya çevrilməsi üçün bu uzun illər ərzində mərhələli işlər həyata keçirilib. Silahlı qüvvələrimizin formalaşmasında yeni hərbi kadrların hazırlanmasında qardaş Türkiyə öz köməyini Azərbaycandan əsirgəməmişdir.

  2003-2020-ci illər ərzində Qarabağın işğaldan azad olunması yolunda beynəlxalq təşkilatlar heç bir əməli addım atmadılar. Son dövrlər ermənilərin sərhədboyu və işğalda olan ərazilərimizdə törətdikləri təxribat hərəkətləri mütəmadi hal almağa başlayırdı. Düşmən silahlı qüvvələrimiz tərəfindən susdurulurdu. Ali Baş Komandanımızın erməni təxribati haqqda dünya dövlətləri rəhbərlərinə müraciəti sükutla qarşılanırdı. Azərbaycan tərəfini növbəti dəfə danışıqlara getməyə çağırırdılar.

  Bu illər ərzində Prezidentimizin ordu quruculuğu məsələsini birinci yerdə tutması, ordumuzu hər növ müasir silahlarla təchiz etməsi, beynəlxalq təlimlərə qatılmasına şərait yaratması artıq Azərbaycanı öz sözünü deyə biləcək, işğal olunmuş torpaqlarını hərbi güclə qaytarmaq əzmində olan bir dövlət kimi tanıdırdı.

  Dünya liderlərinin Azərbaycanın çağırışlarına susması, birmənalı yanaşması, məlum Aprel hadisələri, sonra Tovuz istiqamətində gedən döyüşlər xalqı birliyə, mübarizəyə sövq edirdi.

  Müasir ordumuz sentyabrın 27-dən Vətən müharibəsində yeni bir tarix yazmağa başladı. Xalq ordumuzun azad etdiyi hər bir qarış torpağımızın alınma xəbərini, məhz, Ali Baş Komandanımızın dilindən eşitmək istəyirdi. Hər gün cəbhədən gələn xəbər xalqın qələbəyə inamını artırırdı. Müzəffər ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət dastana çevrilirdi. Necə igidlər yetişdirib bu torpaq! Cəsur döyüşçülərimiz gələcək əsgərlərə vətənin hər qarış torpağının necə əziz olduğunu nümayiş etdirdilər. Bu döyüş əzmi, Vətən müharibəsinə hazırlıq, Ali Baş Komandanımızın əmrini gözləmə hələ 2018- ci ildə Milli Ordunun 100 illiyi ilə bağlı keçirilən paradda hiss olunurdu.

  Döyüşlərdə göstərilən hünərlər hərəsi bir dastandır. Düşmən əlinə keçməmək üçün son gülləsini özünə saxlayan zabitimiz, əsir düşməsin deyə özünü qayadan atan əsgərimiz, döyüşçü yoldaşlarını qorumaq üçün özünü qumbaranın üstünə atan igidimiz, şəhid və döyüşçülərimizi çiyinlərində daşıyan hərbçilərimiz, yaralı əsgərləri döyüş meydanında mərmi yağışı altından çıxaran komandirimiz və minlərlə xalqın yaddaşına yazılan qəhrəmanlıqlar. Vətən müharibəsi belə igidlərimiz sayəsində qələbə ilə qurtardı. Qarabağımız azad oldu.

  Ali Baş Komandanımız Qarabağın azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn hərbiçilərimizi Azərbaycan Respublikasının medal və ordenləri ilə təltif edib. Prezidentimiz hər çıxışında ordumuzun Vətən müharibəsində əvəzsiz şücaətini qeyd edir.

  44 günlük Vətən müharibəsində 318 №-li tam orta məktəbin də payı var. Məktəbimizin məzunları Muxtar Qasımlı və İsabala Hüseynov torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmişlər. Şuşanın azad olunmasında igidliyi ilə fərqlənən məzunumuz Nəcəfov Zahid hal-hazırda öz hərbi hissəsində xidmətini davam etdirir. Kapitan Nəcəfov orden və medallarla təltif olunmuşdur. Abbasov Ülvi və Mübariz qardaşları müharibənin ilk günündən döyüşlərə qatılmış və düşmənə qarşı şərəflə vuruşmuşlar.

  Bu gün bizə qələbə sevincini yaşadan ,torpaqlarımızın azad olunması uğrunda canlarından keçən 2855 şəhidimizin ruhu qarşısında baş əyirik.

  Onların qan töküb azad etdikləri torpağı göz bəbəyimiz kimi qoruyacağıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi