28 May-Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir!

                      28 May-Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir! Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 106 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar. Yüz altı il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Qürurla qeyd edirik ki, 28 May günü tariximizə müstəqillik günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün - 1918-ci il mayın 28-də - Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxdı. 1918-ci il mayın 28-də "İstiqlal bəyannaməsi"ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası statusunu qazandı. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli - göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz - "İstiqlal" muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Artıq xalqımızın müstəqillik tarixində və qəhrəmanlıq salnaməsində yeni bir dönəm başlamışdır. Bu illərdə hər bir hadisə özü-özlüyündə fərqlidir, yenidir. Bunun da əsas səbəbi 30 illik həsrətdən sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü təmin etməyimizdir. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdır. Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki xalqımızın özünəinam hissi daha artdı. Məşhur bir şeir də deyildiyi kimi, “haqqım var, öyünüm Azərbaycan deyəndə”. Bəli, bu haqqı bizə dövlətimizin başçısı, mahir diplomat, sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdılar. Əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir. Dövlətimizin başçısının sərəmcamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olundu və AXC-nin 100 illik yubleyi təntənəli şəkildə qeyd edildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi ,dünyəvi dövlət,vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir,ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Müstəqilliyimiz tariximizin qızıl səhifəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Yaşasın müstəqil Azərbaycan!

312 nömrəli tam orta məktəbin direktor müavini-İmanbəyli İradə.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi