“Onlayn simulyasiya platformasının Coğrafiya fənninin tədrisinə inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib
Açılış mərasimində layihə rəhbəri, idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi Azərbaycanda Coğrafiya fənninin tədrisinə PhET İnteraktiv Simulyasiyalar Platformasını inteqrasiya edərək interaktiv öyrənməni inkişaf etdirməkdir.
Bildirilib ki, layihənin icrası zamanı Coğrafiya fənnində ən vacib mövzuların tədrisi üçün effektiv PhET simulyasiyaları araşdırılacaq və seçiləcək. Hərtərəfli kurikulum materialının hazırlanması üçün mövzu üzrə ekspertlər və pedaqoqlarla əməkdaşlıq ediləcək. Müəllimlərin və ekspertlərin iştirakı ilə seçilmiş PhET simulyasiyalarına uyğun olaraq öyrənmə fəaliyyətləri və qiymətləndirmə testləri tərtib ediləcək. Həmçinin müəllimlər üçün peşəkar inkişaf təlimləri təşkil ediləcək.
Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.