Şagirdlərin fiziki tərbiyə fənninə marağı daha da artıb
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nigar Sultanova oldu.
O, əvvəlcə özü haqda məlumat verib, həmçinin COP29 tədbirindən və payız tətilindən sonra şagirdlərin məktəblərə qayıdışından danışıb: "Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi və idman müəllimliyi ixtisasını bitirmişəm. Artıq 10 ildir ki, idman müəllimi kimi fəaliyyət göstərirəm. Öz peşəmlə fəxr edirəm. Sevindirici haldır ki, vətənimizdə belə mötəbər bir tədbir - COP29 keçirildi. Şagirdlərin də payız tətili bu dövrə təsadüf etdi. Tətildən dərhal sonra böyük həvəslə şagirdlərimizə dərslərimizi keçməyə başladıq".
N.Sultanova şagirdlərdə fiziki tərbiyə dərsləri üçün motivasiya yaratmağın yollarından söz açıb: "Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti qənaətbəxşdir .Dərslərin maraqlı keçməsi üçün şagirdlərdə motivasiya, inam yaratmaq, onlarda qətiyyət formalaşdırmaq önəmli faktorlardır. Fikrimcə, hər bir müəllim keçdiyi dərsin məsuliyyətini dərk etməli və öz vəzifəsini yüksək səviyyədə icra etməlidir. Biz uşaqlarda bu fənnə maraq oyatmaq üçün müxtəlif oyunlardan, fləşmoblardan, motivasiyaedici musiqilərdən istifadə edirik".
Orta məktəblərdə idman zallarının durumun qənəatbəxş olduğunu vurğulayan müəllim bunu da qeyd edib ki, şagirdlər bir çox yarışlara qatılaraq qüvvələrini sınayırlar: "Orta məktəblərdə idman zallarının durumu qənəatbəxşdir. Fiziki tərbiyə dərslərini keçmək üçün əlverişli şərait var. Şagirdlərimiz daha çox komanda idman növlərinə - futbola, basketbola, voleybola maraq göstərirlər. Bəziləri isə fərdi yarışlarda qüvvələrini sınayırlar. Fərdi olaraq taekvondo, cüdo, boks və s. idman növləri üzrə yarışlarda iştirak etmiş şagirdlərimiz var. Şagirdlərim həm məktəbdaxili, həm rayon, həm də Bakı şəhəri keçirilən turnirlərində fərqləniblər. Onlar diplom, medallarla tətif olunurlar. Gənc nəslə fiziki və mənəvi dəstəyə görə mən Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşam".
Həmsöhbətimiz bildirib ki, ölkədə idmana xüsusi diqqət göstərilməsi sayəsində şagirdlərin fiziki tərbiyə fənninə marağı daha da artıb: "Ölkə daxilində idman sahəsində aparılan islahatlar, idman komplekslərinin açılması uşaq və yeniyetmələrin idmana marağını daha da artırıb. Nəticədə o uşaqlar arasında dünya və Avropa çempionları yetişir".
N.Sultanova uşaqları və yeniyetmələri pis vərdişlərdən uzaqda saxlamaq üçün müəllimlərin valideynlərlə birgə iş aparmalı olduğunu söyləyib: "Uşaqların, gənclərin mənəvi və fiziki inkişafına dəstək olmaq üçün fiziki tərbiyə müəllimi kimi "İdmanı sevək, sağlam olaq" şüarı ilə çıxış edirik. Uşaqlarda idmana maraq oyatmalı, pis vərdişlərdən uzaqda saxlamağa nail olmalıyıq. Onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün məktəbin, valideynlərin və cəmiyyətin birgə rolu vacibdir".
O, sonda qızların idmanla məşğul olmağına və qazandıqları uğurlara da toxunub: "Həm valideyn, həm də müəllim kimi qeyd etmək istəyirəm ki, qızlarımızın son zamanlar idmanın müxtəlif növlərində qazandıqları yüksək nailiyyətlər danılmazdır. Bu, onu göstərir ki, qızlarımızı heç vaxt idmandan kənarda saxlamamalıyıq. Nümunə olaraq, bildirmək istərdim ki, qızım futbol ilə məşğul olmaq istəyir. Biz isə ailəsi olaraq onu dəstəkləyirik".