“Orta ümumtəhsil məktəblərində peşə təhsili ilə bağlı məlumatlılığın artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib
Dekabrın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Təhsil İslahatları və İnnovasiyalar Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Orta ümumtəhsil məktəblərində peşə təhsili ilə bağlı məlumatlılığın artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, məktəbin direktoru Almaz Həsrət, IX, X və XI sinif şagirdləri və fənn müəllimləri iştirak ediblər.
Tədbirin məqsədi şagirdlər arasında peşə təhsili ilə bağlı bilikləri artırmaq, onların gələcək karyera seçimlərində peşə təhsili imkanlarından xəbərdar olmalarını təmin etmək idi.
Tədbirdə Mirzəliyev İlham müəllim çıxış edərək peşə təhsilinin əhəmiyyəti, onun müasir əmək bazarındakı rolu və təqdim etdiyi fürsətlər haqqında geniş məlumat verdi. O, şagirdlərə müxtəlif peşə sahələrinin spesifik xüsusiyyətlərini izah etdi, bu təhsilin həm fərdi inkişaf, həm də ölkə iqtisadiyyatı üçün vacib olduğunu vurğuladı.
Mirzəliyev İlham müəllim qeyd etdi ki, peşə təhsili tədris proqramları praktik bilik və bacarıqların öyrədilməsinə yönəlib və bu, gənclərə qısa müddətdə əmək bazarına daxil olmaq imkanı yaradır. Tədbir zamanı şagirdlər öz suallarını ünvanladılar və peşə məktəblərinin qəbul qaydaları, təhsil müddəti, təklif olunan ixtisaslar və məzunların karyera imkanları barədə ətraflı cavablar aldılar.
Sonda İlham müəllim şagirdləri maraqlandıqları sahələr üzrə araşdırmalar aparmağa və öz bacarıqlarına uyğun peşə istiqamətini seçməyə təşviq etdi. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılandı və onların peşə təhsili haqqında daha çox məlumat əldə etmələri üçün faydalı platforma oldu.