Məktəbimizin məzunu Rüstəm Əliyev - 20 Yanvar Şəhidi. Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Əliyev Rüstəm Şahvələd oğlu 1965-ci il 11 iyun tarixində Bakıda anadan olub. Subay idi. 2 nömrəli avtobus parkında sürücü işləmişdir. Yanvarın 19-da axşam dostu Elmanla Salyan qazarmasının yanına gedib. Atışma zamanı yaralıları avtobusla xəstəxanaya daşıyıb. Sonra yolda Rüstəmin avtobusunu da atəşə tutublar. O, döş qəfəsindən, qarın boşluğundan bir neçə odlu güllə yarası alıb. Gecə saat 03:30 dəqiqədə xəstəxanaya gətirilib. Yanvarın 25-də, saat 13:00-da keçinib. Şəhidlər Xiyabanında dəfn edilib.