General Məhəmməd Əsədovun anım günü
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. Buna baxmayaraq o yenə günlərini sərhəd zonalarında, əsgərlər arasında keçirir. Azərbaycanın sərhədlərinin bütövlüyü uğrunda mübarizə aparır. Çoxlu qəhrəmanlıqlar göstərir və xalqın gözündə həmişə olduğu kimi yüksəlir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.Məhəmməd Əsədov 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə öz dövlət vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçur və Qarakənd səmasında dəhşətli, yaddaşlardan silinməyən və xalqımızı həmişə ağrıdan o qanlı vertolyot faciəsi baş verir. Vertolyot ermənilər tərəfindən vurulur və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Nəbi oğlu Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olur.