Şagirdlərin I sinfə qəbulu
Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - doğum haqqında şəhadətnamənin surəti; - uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); - 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil. Ərizədə uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulunatəsir etmir.Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması yolverilməzdir.Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun həyata keçirilir. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır.