"Ana dilimiz milli sərvətimizdir"

21 fevral 2025-ci il tarixdə "Ana dili günü"nə həsr olunmuş "Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva çıxışında bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək vurğuladı ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Məktəbin 3a sinif müəllimi Səadət Cəbrayılovanın təşkil etdiyi tədbirin davamında şagirdlər ana dilimizi vəsf edən şeirlər, mahnılar səsləndirdilər, rəqslər və səhnəcik nümayiş etdirdilər. Həmçinin məktəbin 11a sinif şagirdi Akif Hüseynov ulu ozan sənətinin davamçısı olan aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazda ifa etdi və aşıq ədəbiyyatından nümunə səsləndirdi. Sonda şagirdlər fəal iştiraklarına görə təltifnamə ilə mükafatlandırıldılar.