FƏXRİMİZ

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.

Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb. Bədii yaradıcılıqla da məşğul olurdu.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri oldu. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

1980-ci ilin əvvəllərində M.Ə.Sabirin  adı  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 259 №li tam orta məktəbə verilmişdir. Məktəbin girişində dahi şairin büstü qoyulmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi