Şəhidlərimizi ehtiramla anırıq

2020-ci il sentyabrın 27-dən başlayan Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə məktəbimizdə anım mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin hərbi rəhbəri Marif Tağıyev çıxış edərək bildirdi ki, Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.Daha sonra şagirdlərin çıxında şəhidlərə həsr olunmuş şeirlər söyləndi,vətənpərvərlik ruhunda mahnılar səsləndirildi.