Son zəng

14 iyun 2023-cü il tarixdə məktəbdə "Son zəng" tədbiri keçirildi. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Ümumilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Tədbirə qonaq qismində qatılan Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Sədail müəllim və digər çıxış edənlər də müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladılar. Tədbirdə məzunların çıxışları, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.