259 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri.
17 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə Sabunçu rayonundakı 259 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, eləcə də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak etmişdir. Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar etmişlər. Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş olunmuşdur. Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və yaralıya ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır. Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallarla bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır. Məktəbdə şərti yanğın hadisəsi ilə bağlı verilən xəbərdarlıq siqnalından sonra başlayan təxliyyə üzrə məşq zamanı şagirdlər öz müəllimlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışlar. Təxliyyə başa çatdıqdan sonra məktəbdə qalanların axtarışı və yaralıların xilas edilməsi üzrə axtarış-xilasetmə əməliyyatı həyata keçirilmiş, Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 2 şagird məktəbdən çıxarılaraq FHN-in Tibb Xidmətinin və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadalarına təhvil verilmişdir. Təxliyyə üzrə məşqdən sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Tədbir FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatmışdır.