31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırım qurbanlarını yad etmək məqsədilə məktəbdə dəyirmi masa keçirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Ağalarov, tarix müəllimləri- V.Babayeva,N.Qənbərova çıxış edərək vurğuladılar ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Daha sonra şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış etdilər. Videoçarxlar nümayiş olundu.