Müəllimimizin uğuru

23-24 oktyabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorlarla görüşü keçirildi.
Görüşdə əsas məqsəd regional koordinatorlarla, onların fəaliyyəti ilə tanışlıq, vəzifələrin müəyyən olunması, təkliflərin dinlənilməsi, görüləcək işlərin müzakirəsi, yeni layihələrin təqdimatı idi.
AGMA-nın Bakı şəhəri üzrə koordinatoru olan məktəbimizin ibtidai sinif müəllimi Təranə Ağabəyova da bu görüşə qatıldı.
Təlimçilər tərəfindən “Code of Conduct”, “İşin təsviri və koordinator fəaliyyətinin dəyərləndirilməsi”, “Sosial mediada müəllim imici” mövzusunda təqdimatlar edildi. Müəllimlərin prosesə aktiv qoşulması, məlumat mübadiləsinin aparılması, əyləncəli qrup işlərinin keçirilməsi bugünkü görüşü daha da maraqlı və öyrədici etdi.
Bildiyiniz kimi, işğaldan azad olunan torpaqlarımızda ağıllı şəhər və kəndlər salınır. Texnologiyanın inkişaf etdiyi bir dövrdə məktəblərin də ağıllı texnologiya ilə qurulması zərurəti yaranır.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərlə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq “Ağıllı məktəb” yanaşması haqqında ilk təlimlərə başladı. Təlimin məqsədi gənc müəllimlərin iş prosesi ilə məlumatlandırılması və bu istiqamətdə yeni fəaliyyət planının hazırlanmasıdır.