Coğrafiya fənninə həsr olunmuş gecə keçirildi
Bakı şəhəri 257 №li tam orta məktəbdə 5 aprel 2016-cı il tarixində coğrafiya fənninə həsr olunmuş gecə keçirildi. Tədbiri təşkil edən məktəbin coğrafiya müəllimi Firduz Əhmədov tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi.Şagirdlər giriş sözü ilə tədbirə başladılar və bu gecənin hamıda maraq oyadacağını qeyd etdilər. Tədbirdə vətənimizin gözəlliklərini vəsf edən şeirlər söylənildi. Coğrafiya anlayışlara aid tapmacalar, lətifələr, bayatılar tamaşaçılarda xüsusi maraq oyatdı. Tədbirdə nümayiş etdirilən səhnəcik, “Bilirsinizmi” viktorinası keçirilən gecəyə daha da rəng qatdı.Qeyd edə bilərik ki, şagirdlərdə doğma vətənin gözəlliklərinə, təbiətinə, əsrarəngiz landşaftına, dağlarına, yaylalarına- bir sözlə, vətənin hər qarışına olan məhəbbəti artıran bu kimi tədbirlərin təşkil olunması təqdirəlayiq haldır. Belə tədbirlər şagirdlərin vətənin bütün gözəlliklərini tanımağa, tədqiq etməyə və ən nəhayətində sevməyə, qorumağa olan marağını artırır. Coğrafi sərhədlərini, təbii ehtiyaclarını, iqtisadiyyatını, yaxşı bilən hər bir gənc, yeniyetmə layiqli vətəndaş kimi yetişə bilər. Şagirdlərin belə maarifləndirici, tərbiyəvi əhəmiyyəti yüksək olan tədbirlərdə iştirakı mütləq və zəruridir. Bütün bu qeyd olunan fikirlər tədbiri yekun sözləri ilə tamamlayan məktəb direktoru Qarat Şahnəzər oğlu Qaratov tərəfindən söylənildi və tədbir vətənpərvərlik ruhunu artıran mahnı ilə yekunlaşdırıldı.