"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ilə bağlı tədbir keçirilmişdir
Bakı şəhəri Ə.Abbasov adına 257 №-li tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 27 dekabr 2016 – cı il tarixində SOS Uşaq Kəndləri Assosiasiyası ilə birgə tədbir keçirildi. Tədbirin təşkilində məktəbin “Təlimə dəstək” layihəsinin müəllimləri iştirak edirdilər. Məktəbin direktoru Qarat Qaratov çıxış edərək bildirdi ki,1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məcəlləsinin sədri Ulu Öndərimiz Dünya Azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi elan etdi. Hazırda dünyanın bir çox ölkəsində bu bayram böyük ruh yüksəkliyi ilə qeyd olunur. Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlıların Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş anlar və duyğularla keçirir. Bayram hər il daha geniş vüsət taparaq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Biz də gənc nəsli bu ruhda tərbiyə edərək böyütməyi özümüzə borc bilirik. Tədbirdə iştirak edən şagirdlər çıxışlarında bildirdilər ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli mənəvi birliyə çağırış günü ümumxalq mənafeyimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin əsasını qoymuşdur. Məktəbimizin müəllimləri də bu ideyaya sadiq qalaraq böyüməkdə olan bizi bu ruhda tərbiyə etməyi qarşılarında məqsəd qoymuşlar. Milli mənəvi birliyimiz ən böyük sərvətimizdir. Tədbirdə çıxış edən SOS Uşaq Kəndinin nümayəndələri qeyd etdilər ki, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 25 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən, demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Keçirilən tədbirə şagirdlərin ifasında səslənən vətənpərvər ruhda yazılmış şeir və mahnılar rəngarənglik qatdı.