Təhsil muzeyinə ekskursiya

16 May tarixində məktəbin 7-ci sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevil Heydərovanın rəhbərliyi ilə Azərbaycan Respublikası Milli Təhsil Muzeyinə ekskursiyaya getdilər. Ekskursiya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuşdur. Ekskursiyada məqsəd müxtəlif illərdə təhsil sahəsində görülmüş işlərlə şagirdləri tanış etmək idi.
Muzey bir neçə zaldan ibarətdir. Hər bir otaqda ayrı-ayrı illərdə təhsil sahəsində görülmüş işlər, portretlər öz əksini tapmışdır. Şagirdlər Muzeydə Azərbaycan xalqının istifadə etdiyi əlifbalarla, 1918-20-ci illərdə olan məktəb geyimləri ilə tanış oldular. Qori Müəllimlər Seminariyasında dərs deyən maarifçi xadimlərin fotoşəkillərinə tamaşa etdilər.
Müxtəlif illərdə işlənmiş təhsil nazirlərinin gördükləri işlər haqqında məlumat aldılar. Sonda isə ulu öndər H. Əliyevin həyat və yaradıcılıgını əks etdirən, müəllimi Lətif Hüseyinzadə ilə birgə çəkdirdikləri şəkillərə baxdılar.
Orada Prezident İlham Əliyevin təmir olunmuş və yeni tikilmiş təhsil ocaqlarının açılışında iştirak etdiyi şəkillər də öz əksini tapırdı.
Şagirdlər muzeydən yüksək əhval-ruhiyyə ilə ayrıldılar.