31 mart Soyqırımını unutmayaq!
31 mart 2016-cı il tarixində T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında tariximizin həqiqətlərini əks etdirən növbəti tədbir keçirilmişdir. Tədbir 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsini tədbir iştirakçılarının bir daha nəzərinə çatdırmışdır. Sədaqət Əzimova çıxışına davam edərək qeyd etmişdir ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31- i, 2 dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.Məktəbin tarix müəllimi Xalidə Əliyeva “31 mart Soyqırımını unutmayaq!” mövzusunda geniş məruzə etmişdir. Məruzədə Soyqırımın mahiyyəti, ermənilərin azərbaycan torpaqlarında yerləşdirilməsi, ermənilərin və onların havadarlarının məqsədləri, soyqırımlara dair faktlar, Azərbaycan Dövlətinin bu sahədə gördüyü tədbirlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Tədbir məktəbin təşkilatçısı Şəhriyar Nəsirovun rəhbərliyi altında şagirdlərin mövzu ətrafında təqdimatlarının nümayişi ilə başa çatmışdır.