Bilik Günü
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə "BİLİK GÜNÜ" ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, Dövlət Bayrağı meydana daxil olmuşdur.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Sədaqət xanım Əzimova tədbir iştirakçılarını salamlamış, ötən ilin yekunlarından, yeni tədris ilində qarşıda duran vəzifələrdən və məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs etmiş, dövlətimizin təhsilə olan qayğısını xüsusi vurğulamışdır.
Tədbirdə cənab nazirimiz Ceyhun Bayramovun əmri ilə yeni tədris ilində ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə -mənəvi zənginliyə aparan yol”, X-XI siniflər isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacağını bir daha şagird və müəllimlərin nəzərinə çatdırılmışdır.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiri Rövşən Süleymanov, Badamdar qəsəbə Bələdiyyəsinin nümayəndəsi Fəxrəddin Quliyev dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.