Valideyn, Məktəb, Münasibətlər

May ayının 30 – da məktəbdə “Valideynin məktəbdə bir günü “ layihəsi çərçivəsində geniş tədbir keçirilmişdir. Məktəbin bütün siniflərini təmsil edən 200 - ə yaxın valideynin iştirakı ilə keçən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, Səbail Rayon Polis İdarəsinin əməkdaşları, Badamdar Bələdiyyəsinin üzvləri , Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi də iştirak etmişlər.Tədbiri məktəbin direktoru S.Əzimova açmış, tədbirin mahiyyəti haqqında valideynlərə məlumat vermişdir. Sonra valideynlər “Xüsusi hallar barədə” , “Risk qrupları” və digər bu kimi hadisələrlə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcud əmrlər və əmrlərə dəyişikliklər haqqında məlumatlanmışlar. Tədbirdə məktəbdə mövcud müəllim -şagird münasibətləri, məktəb -valideyn münasibətlərinə xüsusi yer verilmişdir. Həmin gün təşkil edilmiş 22 sinifdə ayrı – ayrı fənlər üzrə Açıq dərslər nümayiş etdirilmiş, dərslərin hər birində valideynlərin iştirakı təmin olunmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Qasımov valideynlərlə “Valideyn,Məktəb,Münasibətlər” mövzusunda seminar təşkil etmişdir. Səbail rayon Polis İdarəsinin Şöbə müdiri Əsəd Umbayev Səbail Rayon Polis İdarəsinin rəisi Polis polkovniki Cavid Muradovun 16.04.2016 – cı il tarixli 106 09 № -li məktubu ilə valideynləri tanış etmiş, məktəblərdə şagirdlərin psixoloji gərginliyinin aradan qaldırılmasının üsul və metodlarından geniş söhbət açmış və valideynləri şagirdlər arasında zərərli vərdişlərin qarşısını almaq məqsədilə birgə əməkdaşlığa çağırmışdır. Məktəbin yuxarı sinif şagirdləri ilə keçirilən tədbirdə Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmi üzrə fəlasəfə elmləri doktoru Şəhanə Məhərrəmovanın “Türk Dünyası və onun böyük şəxsiyyətləri”, ”Türk dünyasının ədəbi irsi” mövzusunda mühazirələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Sonda məktəbin şagirdlərinin ifasında bədii hissə nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov və Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Abbasov tədbirə yüksək qiymət vermiş, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.