BÖYÜK HƏYATIN UNUDULMAZ SALNAMƏSİNDƏN
May ayının 4-də Bakı şəhəri Tofiq Məmmədov adına 239№-li tam orta məktəbdə “Böyük Həyatın Unudulmaz Salnaməsindən” mövzusunda Elmi-Praktik Seminar keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayonu İcra Hakimiyyətinin, Badamdar Bələdiyyəsinin, Səbail Rayonu İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə İcra nümayəndəliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyinin Səbail Rayon təşkilatının rəhbərliklərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında “Heydər Əliyevin irsi” mövzusunda geniş məruzə etmişdir. Tədbir məktəbin akt zalında davam etdirilmişdir. Şagirdlərin ifasında “Heydər Əliyevin sevdikləri” mövzusunda ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraq və sevgi ilə qarşılanmışdır. Şagirdlər Heydər Əliyevin sevdikləri insanlar, ölkəmizin görkəmli incəsənət xadimləri, şair və dramaturqları, onların əsərləri haqqında qeyri-adi kompozisiya təqdim etmişlər. Ədəbi-bədii kompozisiyada Ulu Öndərin həyatında ən çox sevdiyi insan- onun ömür- gün yoldaşı Zərifə Əliyevanın ana, əvəzolunmaz qadın obrazı, sədaqəti xüsusi vurğulanmışdır.
Bədii kompozisiya şagirdlərin ifasında “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatmışdır.
“Böyük Həyatın Unudulmaz Salnaməsindən” mövzusunda keçirilən dəyirmi masada tədbirlə bağlı fikir mübadiləsi aparılmış, Səbail Rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini Xalidə xanım Bayramova tədbirin təşkilatçılarına, şagirdlərə ən xoş arzularını bildirmişdir.