İçəri şəhər
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və TəhsilNazirliyi birgə məktəblilər üçün maarifləndirici tur aksiyaları davam etdirir. Məktəblilərə xoş və mənalı istirahət bəxş etməklə yanaşı, bu tur aksiyalar İçərişəhərdə yerləşən tarixi-mədəniyyət abidələrini, habelə tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi daha yaxından tanımaq baxımından xüsusi əhəmiyyət daşıyır.Bu gün İçərişəhərin qonağı Bakının Səbail rayonu 239 nömrəli tam orta məktəbin şagirdləri oldu. Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və burada yerləşən muzey ekspozisiyaları məktəblilərin böyük marağına səbəb oldu. Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də tarix-memarlıq abidələrinin geniş spektri - karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan tarixi məkandan məktəblilər zəngin təəsüratlarla ayrıldılar.