1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür
1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Badamdar qəsəbəsindəki T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Səbail Rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Səbail Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi rəhbərliyinin, Badamdar bələdiyyə rəhbərliyinin, Səbail Rayon Veteranlar təşkilatının, Səbail İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin iştirakı ilə keçirilən tədbiri 239 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıq elan etmiş, tədbirin keçirilmə məqsədi barədə geniş məlumat vermişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev çıxış edərək bildirmişdir ki, Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanmışdır. 239 nömrəli tam orta məktəbdə keçirilən bugünkü tədbir də buna uyğun olaraq həyata keçirilir. Rayonun Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, palkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Nazir Əkbərov çıxışında bildirdi ki, belə tədbirin məktəbdə keçirilməsi də təsadüfi deyil. Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olundu. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlandı. Əvvəlcə qaynar telefon xəttinə məlumat verildi. Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanaya aparıldılar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürüldü. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirildi. Məktəbin II,V,VI siniflərində maarifləndirici açıq dərslər nümayiş etdirildi. Sonra tədbir məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər lektoriyası” nda davam etdirildi. Məktəbin şagirdləri müasir dövrdə ölkəmizdə FHN-nin fəaliyyəti ilə bağlı təqdimatlar irəli sürdülər.